UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Taha - Azerbaijani Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov


طه

Ta, Ha
Surah Taha, Verse 1


مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ

Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi)
Surah Taha, Verse 2


إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ

(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik)
Surah Taha, Verse 3


تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى

O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur
Surah Taha, Verse 4


ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ

Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir)
Surah Taha, Verse 5


لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ

Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur
Surah Taha, Verse 6


وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى

(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir)
Surah Taha, Verse 7


ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ

Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur
Surah Taha, Verse 8


وَهَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı)
Surah Taha, Verse 9


إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى

(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”
Surah Taha, Verse 10


فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ

(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa
Surah Taha, Verse 11


إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى

Mən, həqiqətən, sənin Rəbbinəm. Nə’leynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan
Surah Taha, Verse 12


وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ

Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə
Surah Taha, Verse 13


إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ

Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl
Surah Taha, Verse 14


إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ

O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə biruzə verir)
Surah Taha, Verse 15


فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ

Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan
Surah Taha, Verse 16


وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ

Ya Musa! Sağ əlindəki nədir?”
Surah Taha, Verse 17


قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ

(Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”
Surah Taha, Verse 18


قَالَ أَلۡقِهَا يَٰمُوسَىٰ

(Allah) buyurdu: “Ya Musa! Onu (əsanı yerə) at!”
Surah Taha, Verse 19


فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ

(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür’ətlə sürünməyə başladı
Surah Taha, Verse 20


قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ

(Allah) buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq
Surah Taha, Verse 21


وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ

Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir mö’cüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın)
Surah Taha, Verse 22


لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى

Və Biz də (bununla) sənə ən böyük mö’cüzələrimizdən (bir neçəsini) göstərək
Surah Taha, Verse 23


ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ

(Ya Musa! Bu mö’cüzələrlə bir peyğəmbər kimi) Fir’onun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına düşmüşdür)”
Surah Taha, Verse 24


قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي

(Musa) dedi: “Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danışmağa cür’ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət
Surah Taha, Verse 25


وَيَسِّرۡ لِيٓ أَمۡرِي

İşimi yüngülləşdir
Surah Taha, Verse 26


وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي

Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki
Surah Taha, Verse 27


يَفۡقَهُواْ قَوۡلِي

Sözümü yaxşı anlasınlar
Surah Taha, Verse 28


وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي

Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver –
Surah Taha, Verse 29


هَٰرُونَ أَخِي

Qardaşım Harunu
Surah Taha, Verse 30


ٱشۡدُدۡ بِهِۦٓ أَزۡرِي

Onunla arxamı möhkəmləndir
Surah Taha, Verse 31


وَأَشۡرِكۡهُ فِيٓ أَمۡرِي

Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki
Surah Taha, Verse 32


كَيۡ نُسَبِّحَكَ كَثِيرٗا

Səni çox təqdis edib şə’ninə təriflər deyək
Surah Taha, Verse 33


وَنَذۡكُرَكَ كَثِيرًا

Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək)
Surah Taha, Verse 34


إِنَّكَ كُنتَ بِنَا بَصِيرٗا

Sən, şübhəsiz ki, Bizi görürsən!”
Surah Taha, Verse 35


قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ

(Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa
Surah Taha, Verse 36


وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ

Sənə (bundan əvvəl də) bir dəfə ne’mət bəxş etmişdik
Surah Taha, Verse 37


إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ

Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman
Surah Taha, Verse 38


أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ

(O zaman ki, Mən anana buyurmuşdum:) “(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Fir’on) onu (sudan tapıb) götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Fir’on özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi)
Surah Taha, Verse 39


إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّـٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ

O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa
Surah Taha, Verse 40


وَٱصۡطَنَعۡتُكَ لِنَفۡسِي

Və Mən səni Özümə (peyğəmbər) seçdim! (Qırx yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib mö’cüzələrlə Fir’onun yanına göndərdim)
Surah Taha, Verse 41


ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي

Sən və qardaşın mö’cüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər)
Surah Taha, Verse 42


ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ

Fir’onun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır
Surah Taha, Verse 43


فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ

Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!”
Surah Taha, Verse 44


قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ

Onlar: “Ey Rəbbimiz! (Fir’onun mö’cüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” – dedilər
Surah Taha, Verse 45


قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ

(Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm
Surah Taha, Verse 46


فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ

Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (mö’cüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun
Surah Taha, Verse 47


إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ

Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!”
Surah Taha, Verse 48


قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ

(Fir’on:) “Elədə Rəbbiniz kimdir, ya Musa?” –deyə soruşdu
Surah Taha, Verse 49


قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ

(Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”
Surah Taha, Verse 50


قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ

(Fir’on) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?”
Surah Taha, Verse 51


قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى

(Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!”
Surah Taha, Verse 52


ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ

O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik
Surah Taha, Verse 53


كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ

(Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gördüyümüz bu işlərdə) ağıl sahibləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır
Surah Taha, Verse 54


۞مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ

Sizi (ulu babanız Adəmi) də onda (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq
Surah Taha, Verse 55


وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ

Biz, ayələrimizin (dəlillərimizin və mö’cüzələrimizin) hamısını ona (Fir’ona) göstərdik. Lakin (Fir’on) onları yalan sayıb (heç birini) qəbul etmədi
Surah Taha, Verse 56


قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ

(Fir’on) dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa gəlmisən
Surah Taha, Verse 57


فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى

Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt tə’yin et. Nə biz, nə də sən və’dimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə olsun!” (Görək kim-kimə qalib gələcək)
Surah Taha, Verse 58


قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى

(Musa) dedi: “Sizə verilən və’də sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!”
Surah Taha, Verse 59


فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ

(Bu söhbətdən sonra) Fir’on dönüb getdi, nəhayət, bütün hiylə (və sehr) vasitələrini (sehrbazlarını) yığıb (və’d olunmuş vaxtda həmin yerə) gəldi
Surah Taha, Verse 60


قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ

Musa onlara (sehrbazlara) dedi: “(Ay yazıqlar!) Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. (Allaha) iftira yaxan naümid olar (muradına çatmaz)”
Surah Taha, Verse 61


فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ

Onlar (bu Musa heç sehrbaza oxşamır; əgər qalib gəlsək, heç; yox əgər qalib gələ bilməsək, ona iman gətirərik, deyə) öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar
Surah Taha, Verse 62


قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ

Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə’yan-əşrafınızı öz tərəflərinə çəkmək) istəyirlər
Surah Taha, Verse 63


فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ

Ona görə də bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)”
Surah Taha, Verse 64


قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ

Onlar dedilər: “Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq
Surah Taha, Verse 65


قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ

O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür
Surah Taha, Verse 66


فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ

Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə mö’cüzə arasında fərq qoya bilməyib iman gətirməsin)
Surah Taha, Verse 67


قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ

Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən
Surah Taha, Verse 68


وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ

Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”
Surah Taha, Verse 69


فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ

(Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!” – deyib səcdəyə qapandılar
Surah Taha, Verse 70


قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ

O (Fir’on) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fir’onun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”
Surah Taha, Verse 71


قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ

(Sehrbazlar) dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq mö’cüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən
Surah Taha, Verse 72


إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ

Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın/ Allah (sən Fir’ondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!”
Surah Taha, Verse 73


إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ

Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (cəhənnəm əzabı) gözləyir. O, orada nə ölər, nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz)
Surah Taha, Verse 74


وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّـٰلِحَٰتِ فَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ

Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mö’min kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir –
Surah Taha, Verse 75


جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ

Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır
Surah Taha, Verse 76


وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ

(İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fir’onun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!”
Surah Taha, Verse 77


فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ

Fir’on öz ordusu ilə onları tə’qib etdi, daniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə
Surah Taha, Verse 78


وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ

Fir’on (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı
Surah Taha, Verse 79


يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ

Ey israil oğulları! Sizi düşməninizdən (Fir’onun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini və’d buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik
Surah Taha, Verse 80


كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ

Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şər’i qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar
Surah Taha, Verse 81


وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ

Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam
Surah Taha, Verse 82


۞وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ

(Allah buyurdu:) “Ya Musa! Səni öz camaatından (Tur dağına getdiyin yetmiş kişidən) ayırıb (bü məqama) tələsdirən nə idi?”
Surah Taha, Verse 83


قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ

(Musa) belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!”
Surah Taha, Verse 84


قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ

(Allah:) “Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı (buzova sitayiş etdilər)”, - deyə buyurdu
Surah Taha, Verse 85


فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي

Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir və’d verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz və’də xilaf çıxdınız?”
Surah Taha, Verse 86


قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ

Onlar dedilər: “Biz sənə verdiyimiz və’də öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz (Fir’on) tayfasının (bir bayram günü əmanət olaraq aldığımız) zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları (“əmanətə xəyanət haramdır”-deyərək günahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri də bizim kimi (özündə olan bəzək şeylərini oda) atdı”
Surah Taha, Verse 87


فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ

(Oda atılmış qızıl-gümüş əridikdən sonra Samiri çuxurun içində) onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. (Samiri və onun yoldan çıxartdığı bir neçə kişi) dedilər: “(Ey İsrail oğulları!) Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”. (Musa heykəli itirmiş, onu axtarıb tapmaqdan ötrü Tur dağına getmişdir)
Surah Taha, Verse 88


أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا

(Məgər bu cansız heykələ sitayiş edənlər) buzovun onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! (Nə böyük cəhalət)
Surah Taha, Verse 89


وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي

Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”
Surah Taha, Verse 90


قَالُواْ لَن نَّبۡرَحَ عَلَيۡهِ عَٰكِفِينَ حَتَّىٰ يَرۡجِعَ إِلَيۡنَا مُوسَىٰ

Onlar: “Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” – deyə cavab vermişdilər
Surah Taha, Verse 91


قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذۡ رَأَيۡتَهُمۡ ضَلُّوٓاْ

(Musa ümmətinin yanına qayıtdıqdan sonra) dedi: “Ya Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki
Surah Taha, Verse 92


أَلَّا تَتَّبِعَنِۖ أَفَعَصَيۡتَ أَمۡرِي

(Mö’minləri də götürüb) arxamca gəlmədin? (Mənə bu barədə heç bir xəbər vermədin, yaxud mənim yolumla gedərək bütə tapınanları danlayıb onlara qarşı hiddətlənmədin?) Əmrimə asimi oldun? (Allahdan başqasına ibadət edənlərlə bir yerdə yaşamağı özünə nə cür rəva bildin?)”
Surah Taha, Verse 93


قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي

(Harun) belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. (Saqqalımı, başıma yolma). Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum
Surah Taha, Verse 94


قَالَ فَمَا خَطۡبُكَ يَٰسَٰمِرِيُّ

(Musa:) “Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi?” – deyə soruşdu
Surah Taha, Verse 95


قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي

(Samiri) belə cavab verdi: “Mən (İsrail oğularının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun)
Surah Taha, Verse 96


قَالَ فَٱذۡهَبۡ فَإِنَّ لَكَ فِي ٱلۡحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَۖ وَإِنَّ لَكَ مَوۡعِدٗا لَّن تُخۡلَفَهُۥۖ وَٱنظُرۡ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِي ظَلۡتَ عَلَيۡهِ عَاكِفٗاۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِي ٱلۡيَمِّ نَسۡفًا

(Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət etməyib tamamailə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir və’də (qiyamət günü) gözləyir. İndi tapınıb durduğun tanrına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq
Surah Taha, Verse 97


إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَسِعَ كُلَّ شَيۡءٍ عِلۡمٗا

Sizin tanriniz ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm (Öz əzəli elmi) ilə hər şeyi ehtiva etmişdir!”
Surah Taha, Verse 98


كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا

(Ya Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) Qur’an da vermişik
Surah Taha, Verse 99


مَّنۡ أَعۡرَضَ عَنۡهُ فَإِنَّهُۥ يَحۡمِلُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وِزۡرًا

Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, qiyamət günü ağır bir günaha yüklənəcəkdir
Surah Taha, Verse 100


خَٰلِدِينَ فِيهِۖ وَسَآءَ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ حِمۡلٗا

Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir
Surah Taha, Verse 101


يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ وَنَحۡشُرُ ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ زُرۡقٗا

Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqadan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün
Surah Taha, Verse 102


يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا

Onlar öz aralarında pıçıldaşıb bir-birinə: “(Dünyada) cəmi on gün qaldınız!” deyəcəklər
Surah Taha, Verse 103


نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَ إِذۡ يَقُولُ أَمۡثَلُهُمۡ طَرِيقَةً إِن لَّبِثۡتُمۡ إِلَّا يَوۡمٗا

Biz onların nə danışacaqlarını da yaxşı bilirik. Onların ən ağıllısı: “(Dünyada) cəmisi bir gün qaldınız!” – deyəcək
Surah Taha, Verse 104


وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡجِبَالِ فَقُلۡ يَنسِفُهَا رَبِّي نَسۡفٗا

(Ya Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De: “Rəbbim onları ovxalayıb havaya sovuracaq
Surah Taha, Verse 105


فَيَذَرُهَا قَاعٗا صَفۡصَفٗا

Dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq)
Surah Taha, Verse 106


لَّا تَرَىٰ فِيهَا عِوَجٗا وَلَآ أَمۡتٗا

Və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələkötürlük) görməyəcəksən!”
Surah Taha, Verse 107


يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا

O gün insanlar (qəbirlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən carçının (hamını məhşərə çağıran İsrafilin) ardınca gedəcəklər. Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən
Surah Taha, Verse 108


يَوۡمَئِذٖ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَرَضِيَ لَهُۥ قَوۡلٗا

O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz
Surah Taha, Verse 109


يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا

(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Allah insanların nə etdiklərini, nə edəcəklərini, qazanacaqları savabları və günahları, dünyada və axirətdə aqibətlərinin necə olacağını Öz əzəli elmi ilə bilir). Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz
Surah Taha, Verse 110


۞وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا

(O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan (məxluqatın hər işini yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar)
Surah Taha, Verse 111


وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا يَخَافُ ظُلۡمٗا وَلَا هَضۡمٗا

Mö’min olub yaxşı işlər görən kəs isə nə zülmə mə’ruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar
Surah Taha, Verse 112


وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ قُرۡءَانًا عَرَبِيّٗا وَصَرَّفۡنَا فِيهِ مِنَ ٱلۡوَعِيدِ لَعَلَّهُمۡ يَتَّقُونَ أَوۡ يُحۡدِثُ لَهُمۡ ذِكۡرٗا

(Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Qur’an olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Qur’an onlara öyüd-nəsihət versin)
Surah Taha, Verse 113


فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۗ وَلَا تَعۡجَلۡ بِٱلۡقُرۡءَانِ مِن قَبۡلِ أَن يُقۡضَىٰٓ إِلَيۡكَ وَحۡيُهُۥۖ وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا

Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır! (Müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!) Həm də (ey Peyğəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’anı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” – de
Surah Taha, Verse 114


وَلَقَدۡ عَهِدۡنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبۡلُ فَنَسِيَ وَلَمۡ نَجِدۡ لَهُۥ عَزۡمٗا

Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik
Surah Taha, Verse 115


وَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ

Bir zaman mələklərə: “Adəmə (tə’zim, hörmət məqsədilə) səcdə edin!” – deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı
Surah Taha, Verse 116


فَقُلۡنَا يَـٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوّٞ لَّكَ وَلِزَوۡجِكَ فَلَا يُخۡرِجَنَّكُمَا مِنَ ٱلۡجَنَّةِ فَتَشۡقَىٰٓ

Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan)
Surah Taha, Verse 117


إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعۡرَىٰ

Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən
Surah Taha, Verse 118


وَأَنَّكَ لَا تَظۡمَؤُاْ فِيهَا وَلَا تَضۡحَىٰ

Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”
Surah Taha, Verse 119


فَوَسۡوَسَ إِلَيۡهِ ٱلشَّيۡطَٰنُ قَالَ يَـٰٓـَٔادَمُ هَلۡ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلۡخُلۡدِ وَمُلۡكٖ لَّا يَبۡلَىٰ

(Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
Surah Taha, Verse 120


فَأَكَلَا مِنۡهَا فَبَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ

(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi)
Surah Taha, Verse 121


ثُمَّ ٱجۡتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيۡهِ وَهَدَىٰ

Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi
Surah Taha, Verse 122


قَالَ ٱهۡبِطَا مِنۡهَا جَمِيعَۢاۖ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَنِ ٱتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشۡقَىٰ

(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar
Surah Taha, Verse 123


وَمَنۡ أَعۡرَضَ عَن ذِكۡرِي فَإِنَّ لَهُۥ مَعِيشَةٗ ضَنكٗا وَنَحۡشُرُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَعۡمَىٰ

Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
Surah Taha, Verse 124


قَالَ رَبِّ لِمَ حَشَرۡتَنِيٓ أَعۡمَىٰ وَقَدۡ كُنتُ بَصِيرٗا

O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
Surah Taha, Verse 125


قَالَ كَذَٰلِكَ أَتَتۡكَ ءَايَٰتُنَا فَنَسِيتَهَاۖ وَكَذَٰلِكَ ٱلۡيَوۡمَ تُنسَىٰ

(Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (mö’cüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”
Surah Taha, Verse 126


وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ

Biz (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları və Rəbbinin ayələrinə iman gətirməyənləri də belə cəzalandırırıq. Axirət əzabı isə, şübhəsiz ki, daha şiddətli, daha sürəklidir
Surah Taha, Verse 127


أَفَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ

Məgər (kafirlərə) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır
Surah Taha, Verse 128


وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَكَانَ لِزَامٗا وَأَجَلٞ مُّسَمّٗى

Əgər Rəbbindən (bu ümmətin əzabının axirətə saxlanılması haqda) öncə bir söz (hökm) və (lövhi-məhfuzda bu kafirlərin əzabı üçün əzəldən) müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (dünyada tezliklə) onlara da (belə bir əzab) verilməsi lazım gələrdi
Surah Taha, Verse 129


فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ

(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şə’ninə tə’riflər de (sübh və əsr namazlarını qıl), gecənin bir və’dəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan
Surah Taha, Verse 130


وَلَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ زَهۡرَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا لِنَفۡتِنَهُمۡ فِيهِۚ وَرِزۡقُ رَبِّكَ خَيۡرٞ وَأَبۡقَىٰ

(Kafirlərin) bə’zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)
Surah Taha, Verse 131


وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ

Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)
Surah Taha, Verse 132


وَقَالُواْ لَوۡلَا يَأۡتِينَا بِـَٔايَةٖ مِّن رَّبِّهِۦٓۚ أَوَلَمۡ تَأۡتِهِم بَيِّنَةُ مَا فِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ

(Kafirlər) dedilər: “Nə üçün o (Muhəmməd) Rəbbindən bizə (həqiqi peyğəmbər olmasına dəlalət edən) bir mö’cüzə gətirmir?” Məgər (Qur’anda) onlara əvvəlki (ilahi) kitablarda (keçmiş ümmətlərin həyatına, küfrləri üzündən düçar olduqları müsibətlərə dair) olanların bəyanı (yaxud açıq-aşkar dəlili) gəlmədimi
Surah Taha, Verse 133


وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ

Əgər Biz onları (Məkkə müşriklərini) bundan (Peyğəmbər və Qur’an gəlməzdən) əvvəl əzabla məhv etsəydik, (qiyamət günü) mütləq belə deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan əvvəl bizə bir peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq
Surah Taha, Verse 134


قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ

(Ya Rəsulum!) De: “Hamı (axirət) gözləməkdədir, siz də gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz) olduğunu və kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!”
Surah Taha, Verse 135


Author: Vasim Mammadaliyev And Ziya Bunyadov


<< Surah 19
>> Surah 21

Azerbaijani Translations by other Authors


Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Alikhan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Khan Musayev
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Azerbaijani Translation By Vasim Mammadaliyev And Ziya Bunyadov
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai